IV Beynəlxalq Elmi Konqressin mövzuları

1999-cu ildə Bakı şəhərində Azərbaycan Əczaçıları Elmi və praktik cəmiyyətinin Azərbaycanda Ali Əczaçılıq təhsilinin 60 illiyinə həsr edilmiş yubiley konfransı keçirilmişdir. Konfrans materialları toplu şəklində dərc edilmişdir.

İftixarla qeyd etmək lazımdır ki, keçmiş İttifaqın türkdilli respublikaları arasında, o cümlədən Türkiyə və İran daxil olmaqla, ali əczaçılıq təhsili üzrə ilk qurum – Azərbaycan Dövlət Əczaçılıq İnstitutu, məhz respublikamızda təşkil olunmuş və sonradan, müharibənin başlanması ilə əlaqədar, 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə çevrilmişdir.

Fakultə bu illər ərzində respublikamız ilə yanaşı digər ölkələr üçün də ali təhsilli əczaçı kadrlar və elmi-pedaqoji kadrlar hazırlamışdır. Bu ölkələr sırasında Türkmənistan, Gürcüstan, Ermənistan, Özbəkistan, Qazaxıstan, Rusiya Federasiyası (xüsusisən Şimali Qafqaz respublikaları), İran, Türkiyə, Polşa və b. vardır. Ali əczaçılıq təhsili almış mütəxəssislər arasında çoxsaylı elmi kadrlar-əczaçılıq, kimya, biologiya elmləri doktorları və namizədləri vardır ki, bunlar da respublikamızda, həmçinin digər ölkələrdə, o cümlədən Rusiya Federasiyasında da fəaliyyət göstərirlər.

Ötən illər ərzində əczaçılıq fakultəsi Türkmənistan, Qazaxistan, Qırğızıstan, Ermənistan üçün əczaçılıq elmləri üzrə ilk elmlər nazmizədlərini və doktolarını yetişdirmişdir. Hazırda bu kadrların əksəriyyəti həmin ölkələrdə əczaçılıq üzrə ali təhsil və elmi-tədqiqat işlərinə rəhbərlik edirlər. Azərbaycan Respublikası Elmlər Akademiyasında çalışan bir çox aparıcı kimya və biologiya elmləri doktorları bu təhsil ocağının yetişdirmələridir.

Konfransda Əczaçılıq fakultəsinin ixtisas kafedralarının (Əczaçılıq kimyası, Farmakoqnoziya, Əczaçılıq texnologiyası, Əczaçılığın iqtisadiyyatı və təşkili, toksikoloji kimya, farmakologiya) kafedralarının fəaliyyətinə həsr edilmiş geniş məruzələrlə kafedra müdirləri (prof. Hafiz Əliyev, prof. Yusif Kərimov, dos. Fərman Təhməzov, dos. Məhbubə Vəliyeva, prof. Qaibverdi İsgəndərov, prof. Dursun Hüseynov) çıxış etmişlər. Bununla bərabər əczaçılıq kimyası, farmakoqnoziya, əczaçılıq texnologiyası, Əczaçılığın təşkili və iqtisasiyyatı, farmakologiya, eləcə də tibbi-bioloji tədqiqatları bölmələri üzrə 60-dan artıq məruzə dinlənilmişdir